FAQ

190 manatlıq birdəfəlik ödəniş barədə BÜTÜN məlumatlar, prosedurlar, qaydalar. A-dan Z-ə

 

 

190 manatlıq birdəfəlik ödəniş işsiz kimi qeydiyyata alınan şəxslərə aprel-may aylarında hər ay üçün yaşayış minimumu həcmində (190 manat) veriləcək ödənişdir. Bunun üçün dövlət tərəfindən ümumilikdə 70 milyon manat ayrılıb.

190 manatlıq birdəfəlik ödəmə kimlərə verilə bilər?

İşi və qazancı olmayan, məşğulluq orqanında işsiz kimi qeydiyyata alınan, lakin ünvanlı dövlət sosial yardımı alan ailələrin üzvü olmayan, əmək pensiyası almayan, aylıq müavinət almayan, aylıq təqaüd almayan, özünüməşğulluğun təşkili proqramı çərçivəsində əmlak almayan, işsizlikdən sığorta ödənişi almayan, peşə hazırlığına görə təqaüd almayan, 2020-ci ildə kənd təsərrüfatı üzrə subsidiya almayan, əri və ya arvadı sahibkar olmayan (aktiv VÖEN-i olmayan), əri və ya arvadının MEİS-in "Əmək müqaviləsi bildirişi" altsistemində aktiv əmək müqaviləsi bildirişi olmayanlar, əri və ya arvadı ünvanlı dövlət sosial yardımı almayanlar, əri və ya arvadı kənd təsərrüfatı üzrə subsidiya almamış əmək qabiliyyətli yaşda olan əmək qabiliyyətli şəxslərə 190 manatlıq birdəfəlik ödəniş veriləcək.

Kimlər İŞSİZ olub qeydiyyatdan keçsə də, 190 manatlıq birdəfəlik ödənişi ala bilməyəcək?

• ünvanlı dövlət sosial yardımı alan ailələrin üzvləri;
• əmək pensiyaçıları;
• aylıq müavinət alan;
• aylıq təqaüd alanlar;
• özünüməşğulluğun təşkili proqramı çərçivəsində əmlak verilmiş şəxs;
• işsizlikdən sığorta ödənişi alanlar;
• peşə hazırlığına görə təqaüd alanlar;
• 2020-ci ildə kənd təsərrüfatı üzrə subsidiya almış şəxslər;
• əri və ya arvadı sahibkar olanlar (aktiv VÖEN-i olan);
• əri və ya arvadı MEİS-in "Əmək müqaviləsi bildirişi" altsistemində aktiv əmək müqaviləsi bildirişi olanlar;
• əri və ya arvadı ünvanlı dövlət sosial yardımı alanlar;
• əri və ya arvadı kənd təsərrüfatı üzrə subsidiya almış şəxslər.


Kimlər məşğul şəxs hesab olunur və işsiz kimi qeydiyyata alına bilməz?

• muzdla işləyənlər - Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun olaraq işəgötürənlə əmək müqaviləsi (kontrakt) bağlayaraq, müvafiq iş yerlərində əmək fəaliyyətini əməkhaqqı müqabilində yerinə yetirən şəxslər;
• mülki-hüquqi xarakterli müqavilələrlə işləyənlər - Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq qarşı tərəflə müqavilə bağlayıb əmək münasibətləri yaratmadan müəyyən haqq müqabilində işləri (xidmətləri) yerinə yetirən şəxslər;
• sahibkarlar, mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq payı olanlar, ailə kəndli təsərrüfatının üzvləri;
• haqqı ödənilən vəzifəyə seçilənlər, təyin və ya təsdiq edilənlər;
• Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmət edənlər;
• ödənişli fəaliyyətlə məşğul olan ali və orta ixtisas təhsil müəssisələrində əyani təhsil alanlar;
• Azərbaycan Respublikasının ərazisində qanuni əsaslarla haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər;
• Azərbaycan Respublikasının hüdudlarından kənarda qanuni əsaslarla əmək fəaliyyəti ilə məşğul olan Azərbaycan Respublikasının vətəndaşları.


190 manatlıq birdəfəlik ödəmə üçün necə qeydiyyatdan keçmək olar?

• e-sosial.az portalında “e-xidmətlər” bölməsinə daxil olaraq “Vətəndaşların işaxtaran və işsiz kimi qeydiyyata alınması, qeydiyyatdan müvəqqəti çıxarılması və qeydiyyatın müvəqqəti ləğv edilməsi” linkinə daxil olaraq.
Qeyd: Bunun üçün “ASAN imza” və ya elektron imza tələb olunur.


• Daha rahat yolu: e-sosial.az portalında “onlayn müraciət” bölməsindən istifadə etməklə hər hansı bir qeydiyyat proseduru tələb olunmadan işsiz və ya işaxtaran kimi uçota alınmaq olar. Burada müraciət şəxsiyyət vəsiqəsinin və FİN nömrələrini daxil etməklə, “İstiqamət” bölməsində “məşğulluq sahəsində göstərilən xidmətlər”, “Xidmət növü” bölməsində isə “vətəndaşların işaxtaran və işsiz kimi qeydiyyata alınması və qeydiyyatdan çıxarılması” bölmələrini seçmək lazımdır.

• İnternetə çıxış imkanları olmayan işsizlər isə qeydiyyata alınmaq üçün müvafiq rayon (şəhər) Məşğulluq mərkəzlərinin telefon nömrələrinə (Telefon nömrələri:http://sosial.gov.az/laq-nomrlri)  zəng edə bilərlər.

Ölkənin şəhər və rayonları üzrə elektron qaydada müraciət günlərinin 12 aprelədək olan dövr üçün QRAFİKi də təqdim edilib (http://sosial.gov.az/post/3321). Hələ ki, vətəndaş olduğu rayon üzrə qrafikdə qeyd edilən gün e-qaydada müraciət edir. Sonrakı günlərdə isə hər bir işsiz şəxs istənilən gün e-qaydada müraciətini edə biləcək.

Ailədə kimlərə 190 manatlıq birdəfəlik ödəmə verilə bilər?

İşsiz şəxslər üçün nəzərdə tutulan birdəfəlik ödəmə (190 manat) ailədə əmək qabiliyyətli, lakin faktiki işsiz olan və sosial ödəniş almayan övladlara da veriləcək.

Yəni əgər ailədə ər və arvad ikisi də işsizdirsə, onlardan birinə, eyni zamanda ailənin 15 yaşına çatmış əmək qabiliyyətli digər üzvləri (məsələn ailənin oğlu və ya qızı) işsizdirsə və sosial ödəniş almırsa, onlara da veriləcək.

190 manatlıq birdəfəlik ödəmə necə ödəniləcək?

Birdəfəlik ödəmə pandemiya ilə əlaqədar xüsusi karantin rejimi dövründə aylıq həyata keçirilir və növbəti ay üçün təkrar yoxlama keçirildikdən sonra əvvəlki ödənişdən 30 gün sonra həyata keçiriləcək.
İşsiz şəxslərin ailə vəziyyəti haqqında məlumatlar avtomatlaşdırılmış rejimdə Azərbaycan Respublikası Əhalisinin Dövlət Reyestrindən yoxlanılacaq.
Birdəfəlik ödəmə bank və ya poçt vasitəsi ilə ödənilir və bu barədə şəxsə mobil ismarıc göndərilir.
Onların müraciət edərkən qeyd etdikləri telefon nömrəsinə bu barədə SMS göndəriləcək.
Yalnız bu mesajı aldıqdan sonra işsiz şəxslər evdən çıxmaq üçün müvafiq qaydada icazə alaraq, SMS-də “Azərpoçt” MMC qeyd edilibsə istənilən poçt şöbəsinə, SMS-də bank göstərildiyi halda isə həmin bankın istənilən filialına şəxsiyyət vəsiqəsi ilə müraciət edib vəsaitlərini ala bilərlər.
Ödəmələrin verilməsi gündəlik davam edəcək və qeydiyyata alınan digər işsiz şəxslər də bu ödənişlə təmin ediləcəklər.


Qeydiyyat və ödənişlə bağlı problemlər olarsa, nə etməli?

Pandemiya şəraitində birbaşa müraciət və qəbullar dayandırıldığıdan, mövcud problem barədə şəxslər qeydiyyatda olduqları rayon üzrə məşğulluq mərkəzinin telefonlarına və ya 142 nömrəsinə zəng edib məlumat verə bilər. Çoxsaylı zənglər olduğunu nəzərə alaraq səbrli davranmalı, əlaqə yarananadək zəng etməyə davam etməlidir.

190 manatlıq birdəfəlik ödəmə ilə bağlı Ən çox verilən suallar və CAVABLARI.

 

 

 

Sual:

Aprelin 1-nə qədər işsiz statusu alan vətəndaş birdəfəlik

ödəməni almaq üçün yenidən qeydiyyatdan keçməlidirmi?

 

Cavab:

Xeyr, təkrar müraciətə ehtiyac yoxdur.

 

Sual:

İşsiz kimi qeydiyyata alınmaq üçün necə müraciət

edə bilərəm?

 

Cavab:

Müraciət üçün 3 üsuldan biri təklif olunur:

1. e-sosial.az portalında “e-xidmətlər” bölməsinə daxil olaraq.

2. e-sosial.az portalında “onlayn müraciət” bölməsindən istifadə

etməklə.

3. İnternetə çıxış imkanları olmayan işsizlər Məşğulluq

mərkəzlərinə zəng edərək.

 

Sual:

Birdəfəlik yardımı (190 manat) almaq üçün elektron

qeydiyyatdan keçmişəm.Təsdiq cavabı necə gələcək?

 

Cavab:

Cavab mobil nömrənizə sms vasitəsilə göndəriləcək.

 

Sual:

Nazirlik tərəfindən elan olunmuş Qrafik əsasında

qeydiyyatdan keçə bilməyənlər 190 manat birdəfəlik

ödəməni almaq hüququnu itirirmi?

 

Cavab:

Xeyr, qrafik üzrə müraciət vaxtı bitdikdən sonra (aprelin

12-dən) hər hansı məhdudiyyət olmadan müraciət

mümkün olacaq.

 

Sual:

Ailədə ər və arvadın hər ikisi, habelə yaşı 15-dən yuxarı

övladı da işsizdirsə, birdəfəlik ödəmə kimə veriləcək?

 

Cavab:

Ödəmə ailədə sosial ödəniş almayan ər və ya arvaddan

birinə, habelə işsiz olan əmək qabiliyyətli övladına veriləcək.

 

Sual:

Nəyə görə 190 manat?

 

Cavab:

2020-ci il üçün yaşayış minimumu 190 manat müəyyən

edilib. Pandemiya şəraitində bu vəsait dövlətin sosial dəstəyi

olaraq minimum ərzaq ehtiyaclarını qarşılamaq üçündür.

 

Sual:

Şəxs özü, arvadı, uşaqları və valideynləri ilə birlikdə yaşayır.

Bu halda 190 manat birdəfəlik ödəməni almaq üçün kimin

müraciət etmək hüququ var?

 

Cavab:

Şəxs öz arvadı ilə birlikdə bir ailə sayıldığı üçün (ər və ya

arvaddan birinin) ayrıca müraciət hüququ var. Valideynləri

isə digər ailə sayıldığından (ər və ya arvaddan birinin)

ayrıca müraciət etmək hüququ var.

 

Sual:

15 yaşdan yuxarı əmək qabiliyyətli şəxs valideynləri ilə

birlikdə yaşayır. Bu halda birdəfəlik ödəməni almaq üçün

kimin müraciət etmək hüququ var?

 

Cavab:

15 yaşdan yuxarı əmək qabiliyyətli şəxsin özünün fərdi

qaydada müraciət etmək hüququ var. Eyni zamanda

valideynlərin (ər və ya arvaddan birinin) ayrıca müraciət

etmək hüququ var.

 

Sual:

Mobil nömrəsi öz adına olmayan şəxslər birdəfəlik ödəməni

almaq üçün necə qeydiyyatdan keçə bilərlər?

 

Cavab:

sosial.gov.az saytında “Müraciət bölməsində” müvafiq

Məşğulluq Mərkəzinin qeyd olunmuş telefon nömrələrindən

birinə zəng edərək qeydiyyatdan keçə bilərlər.

 

Sual:

Birdəfəlik ödəməni almaq üçün müraciəti qeydiyyatda

olduğum, yoxsa yaşadığım yer üzrə etməliyəm?

 

Cavab:

Müraciət üçün qeydiyyat və yaşadığınız ünvanın fərqli

olması maneə yaratmır.

 

Sual:

Aliment alan işsiz qadının birdəfəlik ödəməni almaq

hüququ var?

 

Cavab:

Bəli, var.

 

Sual:

Ər və ya arvaddan biri xarici ölkə vətəndaşıdırsa digərinin

190 manat birdəfəlik ödəməni almaq hüququ varmı?

 

Cavab:

Bəli, var.