FAQ

Rəşadət ordenli İgid Məmmədova Hərbi Prokurorluqdan Respublika Günü-ə Şok Hədiyyə

Müzəffər Ali Baş Komandan, cənab  İlham Əliyev tərəfindən 15 dekabr 2020-ci il tarixdə  3-cü dərəcəli “Rəşadət” ordeni ilə təltif edilmiş Məmmədov İgid Mikayıl oğlu Respublika Hərbi Prokurorluğu tərəfindən tutulmuşdur.


Məmmədov İgid Mikayıl oğlunun ailə üzvləri açıq məktubla ölkə başçısına və ictimaiyyətə müraciət ünvanlamışlar:
“44 günlük Vətən Müharibəsi Azərbaycan xalqına zəfər sevincini bəxş etməklə yanaşı, xalqımızın qəhrəman oğullarını da bir daha öz xalqına tanıtdı. Neçə-neçə igid oğullar Vətən uğrunda haqq savaşının iştirakçısı, şəhid və ya qazi oldular. Sonunda zəfər çaldığımız bu müharibə Azərbaycan xalqının Vətənə necə bağlılığını, onun üçün gözünü qırpmadan canından keçməyə hazır olduğunu bir daha nümayiş etdirdi. 30 ilə yaxın bir dövr ərzində davam edən amansız erməni işğalına qarşı xalqımız yumruq kimi birləşdi, mərd oğullarımız könüllü olaraq Vətənin müdafiəsinə qalxdılar. Müzəffər Ali Baş Komandan cənab  İlham Əliyev tərəfindən  Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının təltif edilməsi haqqında Sərəncam imzalanmış, Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarına yüksək peşəkarlıqla rəhbərlik etmiş, düşmənin canlı qüvvəsinin və döyüş texnikasının məhv edilməsində fədakarlıq və rəşadət göstərmiş, vəzifə borcunu ləyaqətlə və vicdanla yerinə yetirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçuları təltif edilmişlər.
Həmin Hərbi Qulluqçulardan biri də 3-cü dərəcəli “Rəşadət” ordeni ilə təltif edilmiş kapitan Məmmədov İgid Mikayıl oğlu olmuşdur. Azərbaycan Respublikası Hərbi Prokurorluğunun İstintaq idarəsi tərəfindən 2019-cu ildə baş vermiş hərbi qulluqçunun növbədən kənar qısamüddətli məzuniyyətə göndərilməsi ilə bağlı  guya Məmmədov İgid Mikayıl oğlu 150 manat pulu rüşvət qismində almasına görə 2020-ci ildə başlanılmış cinayət işi üzrə  İgid Məmmədov 27 may 2021-ci il tarixli qərara əsasən Azərbaycan Respublikası CM-in 311.1 -ci maddəsi şübhəli şəxs qismində tutulmuşdur. Məmmədov İgid Mikayıl oğlu xalqımızın başına gətirilən 20 Yanvar faciəsindən 3 gün əvvəl 17 yanvar 1990-cı il tarixdə Zaqatala rayonu Yengiyan kəndində doğulmuş, daimi qeydiyyatda olmaqla orada yaşamışdır. Azərbaycan Respublikasının vətəndaşı, ali hərbi təhsilli, evli, əvvəllər məhkum olunmamış, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində batareya komandiridir. 
Tutulmanın əsası kimi istintaq orqanı qeyd edir ki, İgid Məmmədov cinayət prosesini həyata keçirən orqandan gizlənmək, cinayət prosesində iştirak edən şəxslərə qanunsuz təsir göstərməklə, cinayət təqibi üzrə əhəmiyyət kəsb edən materialları gizlətməklə və ya saxtalaşdırmaqla ibtidai istintaqın və ya məhkəmə baxışının normal gedişinə mane ola, cinayət prosesini həyata keçirən orqanın çağırışlarına üzrlü səbəblər olmadan gəlməyə və ya digər yolla cinayət məsuliyyətinə cəlb edilməkdən və cəza çəkməkdən boyun qaçıra bilər.
Halbuki Vətən Müharibəsi zamanı igidlik göstərmiş, günlərlə ac susuz qalmış İgid Məmmədov törətmədiyi cinayətə görə heç zaman istintaq orqanının çağırışından yayınmaz. Vətən çağıran zaman canından keçmək bahasına düşmənin 2 döyüş tankını məhv edən hərbi qulluqçu heç vaxt istintaqın çağırışından da yayınmaz. Eyni zamanda qeyd edirik ki, indiki vaxta qədər tabe olduğu komandanlıq vasitəsilə İgid Məmmədov istintaqın çağırışlarına vaxtlı-vaxtında gəlmişdir. Düşünürük ki, hazırda bu tutulma əsassızdır. 
Eləcə də hazırda istintaq orqanı İgid Məmmədov barəsində həbs qətimkan tədbiri seçilməsi üçün “hazırlıqlar” da görməkdədir.”